"Karantin rejimi çətin keçir" - Evdə qalan idmançılarımız

Koronavirus pandemiyasından qorunmaq üçün #evdəqal-maq tövsiyyə edilsə də, bu vəziyyət günlərini məşq zallarında keçirən idmançılar üçün çox çətin keçir. 

Bu haqda Sport7.az-a karantin günlərindən danışan idmançılarımız özləri məlumat veriblər.


Günel Vəliyeva (Ağır atlet): "Ağır atlet olaraq karantin rejimi çox çətin keçir. Alətlərimiz yoxdu. Olsa da, işləməyə yerimiz yoxdu. Ev şəraitində müəyyən çəkili əşyalar ilə hərəkətlər edirəm ki, heç olmasa formada qalım. Ancaq zalda aldığım effekt 10-dursa, evdə bu göstərici 2-3-dür".
 
Altay Atakişiyev (Kikboksçu): "Evdə məşqlərimi edirəm. Daha çox bədən çəkisi ilə bağlı olan hərəkətlərin iki-üçünü bir yerdə edərək daha çox kalori yandırmağa çalışıram. Məsələn, Push-ups, Burpee, Squat, Walking lunges , Mountain climbers, Sit-up. Bunlardanda əlavə bir çox hərəkət birləşdirib edirəm. Nümunə deyim, 10×push ups, 10×squat, 10×press 8 raund və hər raund 1 dəqiqə. Raund başlayanda bu hərəkətləri mümkün qədər tez bitirməyə çalışıram. 1 dəqiqənin artıq qalan müddətini dincəlirəm, yenidən o biri dəqiqə başlayanda mən də hərəkətlərə başlayıram". 
 
Elşad Şərifov (Ağır Atlet): "Bir idmançı üçün idmansız qalmaq çox çətindi. Çünki hər gün məşq etməyə öyrəşmişik. Ağır atletikada evdə məşq edərək formanı saxlamaq çox çətindi. Velosiped sürürəm, amma o da heç kömək etmir. Bizdə güləş, cüdo deyil, ağır atletika olduğu üçün çətindi. Bizə köməklik üçün nəzarət altında təlim məşq toplanışı keçirilsə, çox yaxşı olar. Beləcə öz formamızı saxlayarıq. Ağır atletika çox ağır idman növüdü. 1 həftə məşq etməsən formadan düşürsən. Qarşıda vacib yarışlarımız var. Ora üçün hazırlaşmaq istəyirik. Köməklik olsa, komanda olaraq çox sevinərik. Çünki evdə şəraitimiz uyğun gəlmir. Vəziyyətin xəstəliklə bağlı olduğunu başa düşürük, amma biz də belə qaldıqca pisə doğru gedirik".

Ramil Əhmədov (Pauerliftinq): "İnanın çox çətindi. İlk günlər daha çətin idi. Çünki yuxu rejimim pozuldu. Film izləmək, virtual aləmdə vaxt keçirmək bir növ insanı cənginə aldı. Amma sonradan özümü toparladım. Çalışdığım "Vitr Fitness"in rəhbəri, dünya və Avropa çempionumuz Vüqar Namazov sağ olsun, karantindən bir gün əvvəl ağırlıq ştanqı və qantelləri evə gətirməyimə izin verdi. Nəzərə alsaq ki, ötən il rəsmi olaraq 7 mötəbər yarışda iştirak etmişəm və ilin sonunda nəticələrim yüksək səviyyədə qiymətləndirildi, 2020-ci ildə nəinki yarışa getmək heç məşq belə edə bilməmək idmançının ruhuna zərbə endirir. Amma biz idmançılar dövlətimizi başa düşüb və dəstəkləyirik. Düşünürəm ki, bizlər güc birlikdədi deyərək qaydalara əməl edib bu çətin dönəmdən çıxacağıq. İnşallah, idmançılarımız 202o-ci il və daha sonrakı illərdə də dövlətimizi, bayrağımızı, himnimizi layiqində təmsil edəcəklər. 
 
Röya Kərimli
Sport7.az



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR