Katenaççonun tarixi: Futbolçusunun ölümünə səbəb olan məşqçi və

Katenaççonun tarixi: Futbolçusunun ölümünə səbəb olan məşqçi və "Qələbəyə görə hər yol mübahdı" prinsipi (IX hissə)

İtaliya A Seriyasındakı karyerası ərzində sadəcə 1 qol vuran Piççi çalışqan "süpürgəçi" kimi özünü isbatlamışdı. "O, müdafiənin şefi idi. Ötürmələrinin təsadüfi olduğunu deyə bilməzsiniz. Möhtəşəm futbol anlayışına sahibdi" - Brera onu belə təsvir etmişdi. Bu sistemdə Aristide Quarneri stopper idi, Burnyiç isə sağ cinah müdafiəçisi funksiyasını yerinə yetirirdi.

Maradey: "O dövrdə komandaların əksəriyyəti "tornante"lərdən istifadə edirdilər. Adətən, sağ cinah oyunçuları "tornante" olurdular. Sol cinahdakı vinqerlər isə hücumameyilli idilər. Onlar daha çox içəri yönəlir və tez-tez qapıya zərbə endirirdilər. Məşhur italyan forvardlardan bir neçəsi - ən məşhurları: Cici Riva və Pyerino Prati - karyeralarının əvvəllərində məhz bu formada oynayıblar".

Beləcə, hücumçu kimi transfer edilən və müdafiənin sol cinahında oynayan Caçinto Fakketti daha çox hücuma çıxa bilirdi. Çünki onun birə-bir oynamalı olduğu rəqib futbolçu, adətən, geridə gözləyirdi. Maradey qaldığı yerdən davam edir:

"Jair Burnyiçin önündə oynayırdı. Müdafiədə möhtəşəm olduğunu deyə bilmərəm, amma dərinə çəkilirdi, çünki rəqiblərin üstünə gedən və bu səbəbdən önündə zonaya ehtiyac duyan futbolçulardan idi. Sol cinahda Fakkettinin önündəki Korso hücum potensialı ən yüksək və ya ən sürətli oyunçu olmasa da, kifayət qədər yaradıcı və rəqibin müdafiəsini yarmağı bacaran biri idi. Müdafiənin önündə oynayan Karlo Tanyin, sonralar Canfranko Bedin komandanın qaçış və müdafiə yükünü öz üzərilərinə götürmüşdülər. Bedinin yanında futbol baxışı ilə diqqət çəkən və dəqiq uzun paslar ata bilən Suares var idi. Topu ələ keçirdikdən sonra "İnter" iki variantdan birinə üstünlük verirdi: 1) Topu irəli daşıması üçün Jairə verirdilər və onun ümidinə qalırdılar; 2) Suares yarımmüdafiənin üzərindən Matsolaya, o cümlədən mərkəz hücumçularuna - Benyamino di Cakomo və ya Aurelio Milani, onlar xüsusi istedada sahib futbolçular deyildilər - uzun top atırdı, ya da sağdan boşluğa hərəkətlənən Jairi "görürdü".
 


Fakketti "açar oyunçu" olmaqla yanaşı, Erreranın neqativ ittihamlara qarşı ən yaxşı "silah"ı idi. Errera demişdi: "Katenaçço - mənim kəşfimdi. Sadəcə, məni təqlid etməyə çalışanlar səhvlərə yol verdilər. Problem də budu. Onlar mənim katenaççomun özündə ehtiva etdiyi hücum prinsiplərini unutdular. Bəli, Piççidən "süpürgəçi" kimi istifadə edirdim, amma eyni zamanda, əlimdə Fakketti kimi, hücumçular qədər qol vuran cinah müdafiəçisi var idi".

Bu, bir az mübaliğə idi, çünki Fakkettinin çempionatda vurduğu qolların sayı cəmi bir mövsümdə 9-u keçmişdi. Amma onun sol cinahdan hücuma çıxışları Erreranın komandanı bir libero və dörd markajçı ilə oynatdığına dair iddiaları alt-üst edirdi.
 


Erreranın sisteminin effektivliyinə şübhə ilə yanaşmaq çətin idi. Onlar 1963, 1965 və 1966-cı illərdə - 1964-cü ildə pley-offda "Bolonya"ya məğlub olmuşdular - İtaliya A Seriyasının qalibi olmuşdular. 1964 və 1965-ci illərdə Avropa Kubokunu qazanan "neradzurrilər" 1967-ci ildə sözügedən turnirdə növbəti dəfə finala yüksəlməyi bacarmışdılar. Amma uğurlarla və ya "İnter"in qatı müdafiə futbolu oynadığına dair fikirlərlə Şenklinin Erreraya olan nifrətini tam olaraq izah etmək olmazdı. Əsas məsələ Elenionu karyerası boyunca təqib edən "saxtakar" damğası ilə bağlı idi.

"Barselona"da işlədiyi dövrdə də Errera haqda müxtəlif şayiələr gəzirdi. Eleninonun abraziv yanaşmasını bəyənməyən yerli jurnalistlər onu "farmasiya kubokları" üzrə mütəxəssis" adlandırırdılar. Həmin dönəmdə oyunçular iddiaları təkzib etsələr də, sonradan baş verənlər media nümayəndələrini haqlı çıxarmışdı. Erreranın rəhbərliyi altında "Barselona"nın aşağı yaş qruplarından əsas komandaya yüksələn ispan yarımmüdafiəçi Fuste demişdi: "İşinə ciddi yanaşırdı. Həmçinin yaxşı yumor qabiliyyətinə sahib idi. Oyunçularından necə maksimum faydalanacağını bilirdi. Bizə xüsusi preparatlar verməsi ilə bağlı çıxan şayiələr həqiqəti əks etdirmirdi. O, sadəcə, yaxşı psixoloq idi".

Bununla belə, onun yaxşı əczaçı olduğuna dair iddialar səngimək bilmirdi. Sandronun balaca və onun qədər istedadlı olmayan qardaşı - Ferruçço Matsolanın avtobioqrafiyasında yazılanlar Erreranın başını daha çox ağrıtmışdı:

"Oyunçularla necə davrandığını gözlərimlə görmüşəm. Dilimizin altına qoymağımız üçün bizə həblər paylayırdı. Əsas komandaya verməmişdən əvvəl onları bizim üzərimizdə sınaqdan keçirirdi. Bəzilərimiz sonra dərmanı tüpürürdük. Həbi qəbul etmək istəməyənlərə tualetə gedib tüpürmələrini məsləhət görən qardaşım Sandro idi. Bunu öyrənən Errera həbləri qəhvələrimizə qatmağa başladı. Həmin gündən sonra "Il Cafe Herrera" "İnter"də adətə çevrildi".
 


Sandro bu ittihamları rədd etməklə yanaşı, qardaşı ilə olan münasibətini tamamilə kəsdi. Amma dedi-qodular səngimək bilmirdi. Doğru olmasalar belə, şayiələrin bu qədər geniş miqyasda yayılması klubun imicini zədələyirdi. Beləcə, insanlar həm də Erreranın uğur qazana bilmək üçün nələrə əl ata biləcəyini gördülər.

"Qələbəyə görə hər yol mübahdı" prinsipi "İnter"in həyat tərzinə çevrilmişdi. Məsələn, 1967-ci ildə Milan təmsilçisinin Avropa Kuboku çərçivəsində "Seltik"lə oynayacağı matç ərəfəsində Errera xüsusi təyyarə ilə Qlazqoya yollanmış və "Aybroks"da "ağ-yaşıllar"ın "Reyncers"lə görüşünü izləmişdi. Elenio qayıdanda rəqibin baş məşqçisi Cok Steyni də öz təyyarəsi ilə İtaliyaya aparacağına dair söz vermişdi. Şotland mütəxəssis "Yuventus" - "İnter" oyununu qaçırmaq istəmirdi. Yaxşı ki, Steyn ağıllı davrandı və normal biletini geri qaytarmadı. Sonradan o, bu ehtiyatlı davranışının bəhrəsini gördü. Çünki Errera Qlazqoya çatdıqdan sonra, Steynin cüssəsinin iri olduğunu və bu səbəbdən təyyarəyə yerləşməyəcəyini əsas gətirərək sözünü yerinə yetirməmişdi. Elenio onun üçün heç taksi də sifariş etmədi. Hə, oyuna bilet verəcəyinə dair sözünün də üstündə durmadı. Yekunda Steyn jurnalistlərdən birinin iş vəsiqəsi hesabına stadiona daxil olaraq görüşü izləyə bilmişdi.
 


Bunlar kiçik nümunələr idi. Dopinq və oyun alqı-satqısına dair ittihamları bir kənara qoysaq belə, Erreranın mərhəmətsiz olduğuna dair bir neçə situasiya sadalamaq olar. Məsələn, Quarnerinin atası "Milan"la oyundan əvvəl dünyasını dəyişsə də, Elenio bu xəbəri ondan gizlətmiş və yalnız matçdan sonra açıqlamışdı. Və ya Errera "Roma"da çalışanda Culiano Takkola vəfat etdi. Forvard bir müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi. Takkola badamcıq vəzisindən əməliyyat olunmuşdu. Daha sonra tibbi müayinənin nəticələri əsasında onun ürəyində problem olduğu ortaya çıxmışdı. Errera A Seriyasında "Sampdoriya" ilə oynanılan matçda 25 yaşlı futbolçusuna start heyətində yer vermişdi. O, 45 dəqiqə meydanda qalmış və əvəzlənmişdi. İki həftə sonra "Kalyari" ilə oynamaq üçün Sardiniyaya yollanan futbolçular arasında Takkolanın da adı var idi. Əslində, Erreranın həmin görüşdə ona şans vermək niyyəti yox imiş. Bununla belə, hücumçudan oyunun keçirildiyi günün səhəri çimərlikdəki məşqə qatılmasını istəmişdi. Hava soyuq imiş, güclü külək əsirmiş. Həmin gün matça tribunalardan tamaşa edən Takkola qarşılaşma bitdikdən sonra paltardəyişmə otağında özündən getmiş, bir neçə saat sonra isə dünyasını dəyişmişdi. (ardı var)



Tərcümə və tərtibat: Rüfət Məcid


OXŞAR XƏBƏRLƏR