"Bu dəqiqə küçədə oynayan uşaqlara da baxmaq maraqlıdı" - Şahin Diniyev

Azərbaycanda da digər ölkələr kimi COVİD-19-la əlaqədar karantin rejimi tətbiq olunur. Təbii ki, bu müddəti səmərəli keçirmək üçün hər kəs bir işlə məşğul olur. Kimisi idmanla, kimisi oxumaqla, kimisi də televizor və ya internetdən istifadə etməklə. Bəs Azərbaycanın tanınmış mütəxəsislərindən olan Şahin Diniyev nə edir? Karantində vaxtını necə keçirir? Gələcəklə bağlı nə düşünür?

Bu suallara elə Diniyevin özündən cavablar aldıq. Mütəxəssis Sport7.az-a karantin dönəmini necə keçirməsindən, fasilədən sonra çempionatın və futbolçuların hansı durumda ola biləcəyindən və sair məsələlərdən danışdı.

- Şahin müəllim, karantin dönəmi necə keçir? Özünüzü futbolsuz necə hiss edirsiz?

- Hamı necə, mən də elə. Nə edə bilərik? Məcburuq, bu həyata da alışmalıyıq. Zərurət yarananda küçəyə, ərzaq mağazasına, poçta, banka çıxıram. Günün çox hissəsini evdə oluram. Yaxşı ki, bizdə həyət evidi. Bina evindən daha yaxşıdı. Həyətə çıxırsan, ev işləri ilə məşğul ola, ağaclara qulluq edə, sulaya, yer qaza bilirsən.

- Darıxmamaq üçün nə ilə məşğul olursuz?

- "Darıxmamaq" sözünü düz hesab etmirəm. Yəqin ki, hər bir insan sevimli işi üçün darıxır. Ancaq bu gün dövlətimiz qanun çıxarıb. Həyatımız, gələcəyimiz üçün əməl etməliyik. İndi iş və digər məsələlər kənarda dayanmalıdı. Əsas insanın sağlamlığıdı. Hamıya sağlamlıq arzulayıram. Bu hər şeydən öncə gəlir. Yenə də internetə, televizora, kinolara baxırıq. Kitablar oxuyuruq. Uşaqlarla, nəvələrlə yaxın oluruq deyə problem deyil.

- Hazırda bütün dünyada futbol matçları təxirə salınsa da bir neçə ölkədə çempionat davam edir. Həmin ölkələrdən biri də Belarusdu. Bu ölkənin çempionatına baxmağa maraq göstərirsizmi? Yoxsa o qədər də maraqlı deyil?

- Əvvəl İspaniya, Azərbaycan, Almaniya çempionatlarına baxırdıq. İndi küçədə futbol oynasalar da maraqlı olacaq. Evin yaxınlığında uşaqlar futbol oynasa ona da baxacağıq. Seçim olmayanda 1 oyun da belə maraqlı keçir. Özünü kənarda hiss etmirsən, sanki onunla yaşayırsan. Bu dəqiqə küçədə oynayan uşaqlara da baxmaq maraqlıdı.

- Həyətinizdə futbol oynamaq üçün yer varmı? Özünüz də uşaqlara qoşulursuzmu oynayanda?

- Olur, az öncə oğlumla basketbol oynayırdıq. Kiçik həyətdi, elə böyük sahəsi yoxdu ki futbol oynayasan. Yenə də başımızı qatmaq üçün nələrsə tapırıq. 

- Yeri gəlmişkən, övladlarınız formada qalmaq üçün nə edirlər?

- İndi bir qədər çətindi. İndividual məşqlər edirlər. Məşqçi kimi başa düşürəm, individual şəkildə məşq etməklə formada qalmaq çətindi. Fərdi məşqlərlə ancaq güc yığa bilərsən. Qaçmaq üçün isə böyük məsafələr yoxdu. Harasa çıxıb qaçmaq olmur. Futbol da elə bir oyundu ki, hər şeyi kollektiv şəkildə etməlisən. İndividual məşqlər formada qalmaq deyil, yalnız özün üçün, əhval-ruhiyyəni düzəltmək, vaxtın keçməsi baxımından fürsətdi. Bəli, övladlarım da belə məşqlər edirlər. Ancaq bunlar sağlamlıq üçündü, peşəkar məşqlər hesab olunmur. Əvvəl karantin saat 12.00-dan 3-ə qədər olanda gedib futbol da oynayırdılar. Lakin bunlar da yığışdırıldı və ev şəraitində idman etmək məcburiyyətində qaldılar. Belədə isə heç nəyə nail olmaq mümkün deyil. Məncə ən başlıcası, ev şəraitində qidaya daha çox fikir vermək lazımdı ki, kökəlmə olmasın. Bu daha vacibdi, nəinki idman. Bizimkilər uşaqlıqdan yeyən deyillər. Amma indi evdə boşluqdu deyə məcburiyyətdən xırda-xırda nəsə yeyirlər. Günün axırında isə görürsən ki, kalorinin sayı xeyli artıb. Bu az da olsa hiss edilir. Çünki kalorini "yandırmalısan". Bunu etmirsənsə artıq kalori piylənməyə yol açır, yağ ehtiyatı yığılır. 

- Bu qədər fasilədən sonra futbolçuların və çempionatın durumunu necə təsəvvür edirsiz?

- Bunu demək çox çətindi. "A", "B", "C" və sair planlar var və əfsuslar olsun ki, çoxdu. Yəni variantlar tək deyil. Bir işin iki variantı olur, ya elə, ya da belə. İndti elə vəziyyət yaranıb ki, bu "elə, belələr" uzanıb gedir. Konkret bir ölkəyə aid deyil. Bütün ölkələrdə qeyri-müəyyənlikdi. Necə olacaq, xəstəliyə kim qalib gələcək, karantindən hansı şəkildə istifadə edəcəklər, bunlarla bağlı nələrsə demək çox çətindi. Ümid edək ki, yaxın aylarda, mayda, iyunda, iyulda çempionat bərpa olunacaq. Yenə də pozitiv olmaq lazımdı. Futbol olub, var, olacaq da. Bu bir sınaqdı, üzüağ çıxmaq lazımdı. Bu xəstəlik insanlara çox şeyləri öyrətdi. Zərəri ilə birlikdə xeyir də gətirdi. Həm gigyenik, həm özünüaparma baxımından fikirləri dəyişdi. Yəni milyonları, milyardları heç nəyə dəyişə bilmirsən. Xəstəlik insanları bərabərləşdirdi. Bundan sonra məncə belə olmayacaq, dünya dəyişəcək. Heç kim inanmırdı ki, belə ola bilər. Artıq insanlar başqa cür düşünəcəklər. Bu günlərin yenidən qayıtmaması üçün insan obrazı dəyişməlidi. Çətin dönəmdi. 

- Sizcə futbolçuların əvvəlki formalarına qayıtması üçün çox vaxt lazım olacaq?

- Belə baxanda futbolçunun formaya düşməsi üçün 15-20 gün bəs edir. Futbolçu dərhal pik formaya yüksəlmir. Oynaya-oynaya, məşq edə-edə buna nail olurlar. Məncə hər kəsin, futbolçuların, azarkeşlərin, hakimlərin istəyidi ki, oyunlar keçirilsin. Futbol camiəsinin istəyi o qədər böyükdü ki, hazırlıqları sürətləndirə bilərlər. Fikrimcə maksimum 2 həftəyə başlamaq mümkündü. Oynaya-oynaya forma yığmaq daha asandı.

- Bu mənada fasilədən sonra turnir cədvəlində hansısa dəyişikliklər mümkündü, yoxsa ciddi nəsə gözləmirsiz?

- Çətindi buna cavab vermək. Məsələn konkret başlama vaxtı məlum olsaydı, hansısa fikir yürütmək olar. Avqustun əvvəlində, sentyabrda, artıq yeni çempionat başlayacaq. Bunlar üst-üstə düşsə, çempionat ləğv oluna bilər. UEFA-nın reqlamentinə də zidd olacaq. 

- Bəzi ölkələrdə çempionat təxirə salınıb, çempion isə məlumdu. Siz Azərbaycanda mövsümün ləğv edilib, "Qarabağ"ın çempionluğunun elan olunmasını, yoxsa çempionatın sona çatdırılmasını məsləhət görərdiz?

- Çempionatın ləğv edilməsinin tərəfdarı deyiləm. Çünki istər uğurlu, istərsə də uğursuz komandalar meydanda tər töküblər. Futbolçular həyatlarını təhlükəyə ataraq əziyyət çəkiblər. Hər şeyə 0-dan başlanması, futbolçuların, məşqçilərin əziyyətlərinin yerə vurulması deməkdi. Amma Çempionlar Liqası, Avropa Liqası olmayacaqsa oyunların keçirilməsinin də mənası yoxdu. Ən ideal odu ki, çempionat davam etsin. Çempionat dayansa, məncə çempionu elan etmək düzgün olmaz. Zaman hər şeyi həll edəcək. Bu deyim indi dəqiqdi. Çempion elan olunsa, kimlərinsə haqları alına bilər. İspaniyada, İtaliyada, İngiltərədə, tutaq ki, komandaların arasında 1 xal fərq var və lider son oyunu evdə keçirəcək. Onların da haqlarının alınması düzgün deyil. Məsələn, Azərbaycanda "Qarabağ" çempionluğa layiq komandadı. Başqa ölkələrdə isə belə deyil axı. Elə çempionat var ki, aşağı pillədə olan komanda çempionluğa daha çox layiqdi. Xal fərqi məsələsi var.

- Karantin dönəmində futbolçulara hansı məsləhətləri vermək istərdiz?

- Demək istəyirəm ki, həyat tərzində dəyişiklik etmək lazımdı. Xəstəlik onu göstərdi ki, qazandığın, yaşadığın çılçıraqlı həyatdan başqa, qaranlıq həyat da var. Futbolçular bundan sonra oynadıqlarına, yaşadıqlarına daha real baxmalıdılar. Bunu unutmasınlar. Belə deyim var, "Keçmşini unudanın gələcəyi olmur". Gələcəklərini istəyirlərsə, bu günlərini yaddan çıxarmamalıdılar. Sağlamlıq, həyat tərzi, hamısı bir-birinə bağlıdı. 

- İşə getmədiyiniz üçün məvacibləriniz kəsilməyəcək ki?

- Hazırda belə bir söhbət yoxdu. Prezidentin qərarı var. Üstəlik Azərbaycan qanunları da var, hansı ki, böyük şirkətlər də onlara riayət edirlər. 

Səbuhi Nərimanoğlu

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR