Serenata di Calcio 25

Serenata di Calcio 25

Koronavirus səbəbindən İtaliya A Seriyasının 25-ci turunda cəmi 6 oyun baş tutdu. Digər 4 görüş ("Verona” – "Kalyari”, "Torino” – "Parma”, "İnter” – "Sampdoriya” və "Atalanta” – "Sassuolo”) virusun tüğyan etdiyi şimal regionlarında keçirilməli olduğu üçün İtaliya Futbol Federasiyası oyunların müəyyən müddətə təxirə salınmasına dair qərar qəbul etdi. Baş tutan 6 oyunun birində ev sahibləri, üçündə qonaqlar qalib gəldilər. 2 matçda bərabərlik qeydə alındı. Ümumilikdə qapılara 19 qol vuruldu. Liderlərdən "İnter” və "Atalanta”nın oyunlarının təxirə düşdüyü həftədə üst sıralarda qərarlaşan digər iki komanda - "Yuventus” və "Latsio” qələbə qazanmağı bacardılar.
 


Özgüvənini bərpa edən "Napoli” məğlub duruma düşdüyü görüşdə geridönüş edərək qələbə qazandı. "Neapollular" cari mövsümdə "top-5” liqalarda keçirdiyi səfər oyunlarında bu cür qazanılan xalların sayına (10) görə liderdir. "Yuventus” son 9 mövsümdə oyunlarını keçirdiyi fərqli 32 stadionda ən azı bir dəfə qələbə qazanmağı bacarıb. Çox məhsuldar oyun nümayiş etdirən "Latsio” cari mövsüm keçirdiyi 10 qarşılaşmada minimum 3 qol vurmağı bacarıb. "Romalılar" bu göstəriciyə görə çempionatın lideridir. "Leççe” ilə matçda 90 dəqiqə boyunca diqtə edən tərəf olan "Roma” rəqibin qapı çərçivəsinə 11 zərbə endirib. Bu, "canavarlar”ın 2017-ci ilin dekabr ayından bəri ən yüksək göstəricisidir.
 


A Seriyasının 25-ci həftəsində qeydə alınan nəticələr:
"Breşiya” – "Napoli” 1-2
"Bolonya” – "Udineze” 1-1
SPAL – "Yuventus” 1-2
"Fiorentina” – "Milan” 1-1
"Cenoa” – "Latsio” 2-3
"Roma” – "Leççe” 4-0

Həftənin baş tutan oyunlarında hakimlər kobudluqlara görə 25 dəfə əllərini ciblərinə salmalı olublar. Göstərilən vərəqlərdən yalnız birinin rəngi qırmızı olub. Campaolo Kalvareze qırmızı vərəqə ilə "Fiorentina”nı oyunun gedişində azlıqda qoyub.
 
Keçirilən altı oyunu ümumilikdə 149 min 582 nəfər azarkeş izləyib. Stadionun həcminə görə əsl anşlaq "Paolo Matsa”da qeydə alınıb. Yerlərin 94%-i dolub. Turun ən çox azarkeşi isə Florensiyada qeydə alındı – 39 min  769 nəfər.

Baş tutan oyunlarda qeydə alınan azarkeş statistikaları:
"Breşiya” – "Napoli” – 14 703 (75%)
"Bolonya” – "Udineze” – 21 523 (56%)
SPAL – "Yuventus” – 15 262 (94%)
"Fiorentina” – "Milan” – 39 769 (92%)
"Cenoa” – "Latsio” – 24 032 (65%)
"Roma” – "Leççe” – 34 293 (47%)
 


Kriştiano Ronaldu karyerasında 1000-ci oyununa çıxmışdı. O, bu turda fərqlənməklə A Seriyası tarixində ardıcıl 11 oyunda qol vurmağı bacaran üç futbolçudan biri oldu. Portuqaliyalı ulduza qədər bu göstəriciyə Qabriel Batistuta (1994/95) və Fabio Kualyarella (2018/19) nail olmuşdular. Edin Ceko "Roma” forması ilə vurduğu qolların sayını 102-yə çatdırıb və bu göstəriciyə görə Montellaya çatıb. Bosniyalı hücumçu "canavarlar"ın tarixində ən çox qol vuran altıncı futbolçudur. "Milan” forması ilə start heyətində meydana çıxan Matteo Qabbia cari mövsümdə A Seriyasında "ilk 11-lik"də yer alan ən gənc müdafiəçi oldu. İlk 25 oyunda vurduğu qolların sayını 27-yə çatdıran Çiro İmmobile İtaliya çempionatında Antonio Ancelillodan sonra (1958/59) bu göstəriciyə nail olan ikinci futbolçudu. (ardı var)



OXŞAR XƏBƏRLƏR